“Müşahidəçilərin vəzifəsini yerinə yetirməsinə məhdudiyyət yaradıla bilməz”

“Heç bir müşahidəçinin vəzifəsini yerinə yetirməsinə məhdudiyyət yaradıla bilməz. Eyni zamanda heç kimə ixtiyar verilmir ki, seçki komissiyasının fəaliyyətinə maneə yaratsın”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, qanunvericiliyin tələblərinə və müşahidəçilərin istəyinə uyğun olaraq, informasiya təminatı zəruridir: “Komissiyaların ixtiyarı yoxdur ki, Seçki Məcəlləsinin tələblərindən kənara çıxsınlar. Digər tərəfin də qanunlara riayət etməsi məsuliyyəti var. Seçki prosesinin aparılmasına qarşı atılan addımların qarşısı qanun çərçivəsində alınmalıdır. Heç kimin ixtiyarı yoxdur ki, seçkiləri öz standartlarına uyğunlaşdırsın”.

M. Pənahov qeyd edib ki, seçki prosesinin bütün mərhələləri müvəffəqiyyətlə həyata keçirilməlidir: “DSK-lardan isə tələb edirəm ki, məntəqə seçki komissiyalarının maarifləndirilməsi üçün zəruri işlər görsün. Seçki Məcəlləsinin tələbləri yerinə yetirilməlidir. Biz buna nail olsaq, öhdəliyimizi həyata keçirməklə yanaşı, dövlətimizin gələcəyinə də xidmət etmiş olarıq. Milyonlarla insanın iştirak etdiyi seçkiləri ideal keçirmək mümkün deyil, mümkün olmayacaq da. Bunu həmişə demişəm. Sadəcə seçkilərdəki neqativ halları minimuma endirmək lazımdır”.

Onun sözlərinə görə, məntəqə seçki komissiyalarının fəaliyyəti bu mənada çox ciddi məsələdir: “İlk növbədə maarifləndirmə işləri aparmalıyıq ki, xoşagəlməz hallara hazır olsunlar, adekvat münasibət bildirsinlər”.

M. Pənahov qeyd edib ki, ölkədəki demokratik mühit seçkilərin normal keçirilməsinə imkan verir: “Bu şəraitin qarşılığında bizim öz vəzifəmizi yerinə yetirməməyimiz qəbul oluna bilməz”.

MSK sədri Azərbaycanda 5 milyona yaxın vətəndaşın prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəyini qeyd edib. Onun sözlərinə görə, məntəqələr üzrə əvvəlki illərə nisbətən səs verəcək insanların sayı 1500-ə qədər artıb.

1905.az STUDIO
info@azerbaijan-election.net