Dairə seçki komissiyasının REQLAMENTİ

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/45 saylı Qərarı ilə təsdiq edilmişdir

 

Dairə seçki komissiyası iclaslarının keçirilməsi qaydaları  Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 19-cu, 34-cü maddələrinə və bu Reqlamentə əsasən müəyyən edilir.

1. Ümumi müddəalar

1.1. Dairə seçki komissiyası Seçki Məcəlləsi ilə müəyyən olunmuş məsələləri öz səlahiyyətləri çərçivəsində iclasa çıxarır, müzakirə edir və mahiyyəti üzrə qərarlar qəbul edir.

1.2. Dairə seçki komissiyasının iclasları Azərbaycan Respublikasının dövlət dilində aparılır, iclas protokolları və qərarlar həmin dildə tərtib edilir.

2. Dairə seçki komissiyasının iclaslarına dair ümumi tələblər

2.1. Dairə seçki komissiyasının iclaslarının çağırılması və təşkili

2.1.1. Dairə seçki komissiyasının iclasları dairə seçki komissiyası sədrinin təşəbbüsü ilə və ya həlledici səs hüquqlu komissiya üzvlərinin (bundan sonra – komissiya üzvləri) azı 1/3-nin tələbi ilə çağırılır. Bu cür tələb dairə seçki komissiyası sədrinə ünvanlanan yazılı müraciət əsasında olmalıdır.

2.1.2. Dairə seçki komissiyasının iclası və həmin iclasda baxılacaq məsələlər haqqında komissiyanın üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Dairə seçki komissiyası iclasının vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər komissiya üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən, səsverməyə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.

2.1.3. Dairə seçki komissiyasının iclası səlahiyyətli tərkibdə formalaşmış komissiya üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur.

2.1.4. Dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.

2.1.5. Dairə seçki komissiyasının iclasında komissiyanın əvəzedici üzvləri, Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyinin əməkdaşları, dairə seçki komissiyası katibliyinin əməkdaşları, dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər iştirak edə bilərlər.

2.2. Dairə seçki komissiyası iclasının gündəliyinin müəyyən olunması, məruzə və müzakirələrin təşkil edilməsi qaydası

2.2.1. İclasın gündəliyi dairə seçki komissiyasının sədri tərəfindən müəyyən edilir, komissiya tərəfindən təsdiq edilir. Gündəliyə komissiya üzvlərinin 1/3-nin tələbi ilə də məsələ daxil edilə bilər. Dairə seçki komissiyası üzvlərinin 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ komissiyanın sədrinə ünvanlanan yazılı müraciət əsasında iclasın gündəliyinə daxil edilməlidir.

2.2.2.  Dairə seçki komissiyasının iclaslarında baxılan məsələlər üzrə, bir qayda olaraq, komissiyanın katibləri məruzə edirlər.

2.2.3. Dairə seçki komissiyasının sədri komissiyanın üzvləri arasından məruzəçi təyin edə bilər.

2.2.4. Dairə seçki komissiyasının iclasında məruzə üçün 10 dəqiqəyədək, əlavə məruzə üçün 5 dəqiqəyədək, məsələlərə dair müzakirə üçün 5 dəqiqəyədək, müxtəlif sənəd layihələrinin müzakirəsi üçün 5 dəqiqəyədək, arayış, müraciət və açıqlama vermək üçün 2 dəqiqəyədək vaxt verilir.

2.2.5.  Dairə seçki komissiyasının sədri məsələlərin mahiyyəti üzrə müzakirəsi üçün yuxarıda göstərilən müddətləri komissiya üzvlərinin təklifi ilə artıra bilər.

2.2.6. Məruzəçi zəruri sənəd və materialları toplayır, məsələyə hərtərəfli, tam və obyektiv baxılması üçün lazımi tədbirləri görür, məsələ üzrə məruzə hazırlayır.

2.3. Dairə seçki komissiyası iclasının aparılma qaydaları

2.3.1.  Dairə seçki komissiyası iclasında sədrlik edən aşağıdakı hərəkətləri edir:

2.3.1.1.  iclası açıq elan edir və gündəliyə çıxarılan məsələlər haqqında komissiyanın üzvlərinə məlumat verir, gündəliyə əlavə təkliflərin olub-olmamasını aydınlaşdırır;

2.3.1.2. iclasın gündəliyindəki məsələlərin müzakirəsini təşkil edir;

2.3.1.3. komissiyanın üzvlərinə, həmçinin iclasa dəvət edilmiş digər şəxslərə çıxış üçün növbə ilə söz verir;

2.3.1.4. komissiya üzvlərinin və dəvət olunmuş şəxslərin mahiyyəti üzrə çıxış etmələrini və bu Reqlamentə əməl etmələrini təmin edir, əks halda müvafiq tələblərə əməl edilməsini onlardan tələb edir (buna zərurət olduqda çıxışı da kəsə bilər);

2.3.1.5. qərarları səsə qoyur;

2.3.1.6. iclas başa çatdıqda iclası bağlı elan edir.

2.4. Dairə seçki komissiyası üzvlərinin iclasda hərəkətləri

2.4.1.  Aşağıdakılar dairə seçki komissiyasının üzvləri tərəfindən tələb edilə bilər:

2.4.1.1. iclasın keçirilməsi, iclasda baxılan məsələlər və onlara aid müvafiq qərar layihələri barədə əvvəlcədən məlumatlandırılmaq;

2.4.1.2. iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış olmaq;

2.4.1.3. lazımi arayış və məlumatların əldə edilməsi;

2.4.1.4. normativ sənədlərin layihələri ilə tanış olmaq;

2.4.1.5. bu Reqlamentə uyğun məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək;

2.4.2. Komissiyanın üzvləri aşağıdakılara riayət etməlidirlər:

2.4.2.1. xəstələnmə halları və digər üzrlü səbəblər istisna olmaqla,  dairə seçki komissiyasının bütün iclaslarında iştirak etmək;

2.4.2.2. komissiyada dairə seçki komissiyası sədrinin iş bölgüsü əsasında fəaliyyət göstərmək;

2.4.2.3.  bu Reqlamentin müddəalarına əməl etmək;

2.4.2.4. çıxış üçün onlara ayrılmış vaxtdan səmərəli istifadə etmək;

2.4.2.5. etik normalara riayət etmək.

2.4.3. İclas zamanı dairə seçki komissiyası üzvünün etik qaydalara riayət etməməsi, iclası pozmağa cəhd göstərməsi, etiraz əlaməti olaraq iclas yerini tərk etməsi və sair bu kimi hərəkətlər yolverilməzdir. Belə hallar baş verdikdə bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilir.

2.4.4. Dairə seçki komissiyasının üzvü ona həvalə edilən xidməti sənədləri hərtərəfli araşdırır və nəticəsi barədə tərtib olunmuş arayışı qanunvericiliklə müəyyən olunmuş qaydada dairə seçki komissiyasının katibliyinə qaytarır.

2.5.  Dairə seçki komissiyasının iclaslarında qərarların qəbuledilmə qaydaları

2.5.1. Dairə seçki komissiyası öz səlahiyyətləri daxilində müzakirəyə çıxarılan hər bir məsələ ilə bağlı qərar qəbul edir.

2.5.2. Qərar layihəsinə baxılarkən dairə seçki komissiyasının üzvləri əsas və əlavə məruzəçiləri dinləyir və layihə ətrafında müzakirə aparırlar.

2.5.3. Dairə seçki komissiyasının üzvləri tərəfindən əsas götürülmüş qərar layihəsi bütövlükdə və ya hissəvi müzakirə olunur, lazım gələrsə, layihədə düzəlişlər edilir və o, bütövlükdə səsə qoyulur.

2.5.4. Səsvermə zamanı qərar layihəsinə yalnız dairə seçki komissiyasının üzvləri tərəfindən düzəlişlər edilə bilər.

2.5.5. Səsvermədə dairə seçki komissiyasının üzvü bir səsə malik olmaqla, şəxsən  və açıq səs verir.

2.5.6. Dairə seçki komissiyasının qərarları iclasda 9 üzv iştirak etdikdə – azı 6 üzvün, 8 və ya 7 üzv iştirak etdikdə – azı 5 üzvün, 6 üzv iştirak etdikdə – azı 4 üzvün səs çoxluğu ilə qəbul olunur.

2.5.7. Dairə seçki komissiyasının qərarları 24 saat ərzində komissiyanın məlumat lövhəsində asılmaq yolu ilə dərc edilir və dərc edildiyi gündən qüvvəyə minir.

2.6.  Dairə seçki komissiyası qərarlarının rəsmiləşdirilməsi

2.6.1.  Dairə seçki komissiyasının iclasında səsə qoyulmuş məsələ üzrə səsvermənin nəticəsi və qəbul edilmiş qərar komissiyanın sədri tərəfindən elan olunur və bu, iclas protokoluna daxil edilir.

2.6.2. Dairə seçki komissiyasının qərarları və iclas protokolları komissiyanın sədri və katibləri tərəfindən imzalanır.

2.6.3. Adları çəkilən şəxslər qərarı və ya protokolu imzalamadıqda, onları bu sənədlərin lehinə səs verən komissiya üzvləri imzalayırlar.

2.6.4. Dairə seçki komissiyası iclaslarının protokolları təsdiq olunmaq üçün iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya üzvlərinə paylanılır və komissiyanın növbəti iclaslarının birində qərarla təsdiq olunur (bu məsələ komissiyanın iclas gündəliyinə birinci məsələ kimi daxil edilir).

2.6.5. Dairə seçki komissiyasının qərarı ilə razılaşmayan komissiya üzvləri yazılı formada xüsusi rəy bildirə bilərlər və bu rəy komissiyanın iclas protokoluna əlavə edilir.

2.7.  Dairə seçki komissiyası iclasının təxirə salınması və ya başqa vaxta keçirilməsi

2.7.1. Dairə seçki komissiyası iclasının  gedişində sədrlik edən fasilə elan edə bilər. Gündəliyə daxil edilmiş məsələlərə bir iş günü ərzində baxmaq mümkün olmadıqda iclasda fasilə elan edilir və iclasın davam etdirilməsi vaxtı barədə məlumat verilir.

2.7.2. Aşağıdakı hallarda dairə seçki komissiyasının iclası təxirə salına və ya başlanmış iclas başqa vaxta keçirilə bilər:

2.7.2.1.  dairə seçki komissiyası üzvlərinin sayında yetərsay olmadıqda;

2.7.2.2. məsələnin hərtərəfli, tam və

obyektiv baxılmasına maraqlı subyektin, ekspertin, yaxud şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda;

2.7.2.3. iclasda müzakirəyə çıxarılan məsələlərə aid sənəd və materiallar dairə seçki komissiyasının üzvlərinə təqdim olunmadıqda və ya gecikdirildikdə;

2.7.2.4. iclasda baxılan məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədə biləcək başqa hallar olduqda.

3. Yekun müddəalar

3.1. Bu Reqlament qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 21 iyul 2003-cü il tarixli 17/102 saylı Qərarı ilə təsdiq edilmiş “Dairə seçki komissiyasının Reqlamenti” qüvvədən düşmüş hesab edilir.

1905.az STUDIO
info@azerbaijan-election.net