 Ukraynanın həm dövlət, həm də müstəqil kütləvi informasiya vasitələri Azərbaycanda başa çatmış parlament seçkilərini işıqlandırırlar. “Kommersant. Ukrayna” qəzeti (9 noyabr, sayı 193) Azərbaycan Milli Məclisinə seçkilərin nəticələrinə həsr olunmuş “Azərbaycan sabitliyə səs vermişdir” başlıqlı məqalə dərc etmişdir. Məqalədə göstərilir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilmiş parlament seçkilərinin ilkin nəticələrini açıqlamışdır. Qəzet yazır ki, gözlənildiyi kimi, seçkilərdə Prezident İlham Əliyevin sədri olduğu “Yeni Azərbaycan” partiyası qalib gəlmişdir. Yazıda qeyd olunur ki, hazırda fəaliyyət göstərən parlamentdə olduğu kimi, yeni parlamentdə də deputat yerlərinin çoxunu “Yeni Azərbaycan” partiyası tutacaqdır-125 yerin 70-ni. Məqalənin müəllifi Yelena Çernenko yazır ki, “Yeni Azərbaycan” partiyasının nümayəndələri qeyri-struktiv fəaliyyətinə və seçki prosesini pozmaq cəhdlərinə görə müxalifəti günahlandırmışlar. “Kommersant. Ukrayna” qeyd edir ki, “məntəqələrdə hüquq pozuntularına yol verildiyi barədə müxalifət partiyalarının hələ seçki prosesi başlanan kimi yaydıqları məlumatlar diqqətlə öyrənilmiş və təsdiqini tapmamışdır”. Müəllif daha sonra AŞPA missiyası müşahidəçilərinin başçısı Pol Billin seçki prosesindən sonra verdiyi bəyanatı misal gətirərək qeyd etmişdir ki, seçkilərin demokratik şəraitdə keçməsi rəyi ilə beynəlxalq müşahidəçilər də razılaşmışlar. Pol Bill seçkilərdən sonra Bakıda verdiyi bəyanatında demişdir: “Seçkilər sakit tərzdə, beynəlxalq standartlara uyğun şəkildə keçmişdir. Ötən dəfəki seçkilərdən fərqli olaraq, bu dəfə bütün siyasi partiyalar seçkilərdə iştirak etmişlər”. Məqalənin müəllifi yazır ki, ATƏT, MDB, GUAM və bir sıra digər təşkilatların müşahidəçiləri də seçkiyə məhz belə qiymət vermişlər. Ukraynanın “Birinci milli”, “5-ci kanal” və başqa televiziya kanalları da respublikamızda başa çatmış parlament seçkilərində “Yeni Azərbaycan” partiyasının qələbəsinə həsr olunmuş verilişlər yayımlamışlar. aZERTAG
|