|
Astara, 9 oktyabr (AzərTAc). Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Təşkilatın sədri Natiq İbadov bildirmişdir ki, yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar hazırlanmış tədbirlər planında seçici siyahılarının dürüstləşdirilməsi, bələdiyyə üzvlüyünə namizədlərin müəyyən edilməsi və irəli sürülməsi, onların təşviqat kampaniyasının təşkili və digər məsələlər nəzərdə tutulmuşdur. Bununla bağlı 61 nəfərdən ibarət qərargah yaradılmış, üzvlər arasında vəzifə bölgüsü aparılmışdır. Öz sıralarında 5 mindən artıq partiya üzvünü birləşdirən rayon təşkilatı bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsini təmin etmək, seçkilərdə partiya üzvlərinin fəallığını artırmaq, partiyanın layiqli üzvlərinin namizədliyini irəli sürmək və onların seçkilərdə qalib gəlməsi üçün öz işini səmərəli qurmuşdur. Xatırladaq ki, rayonda bələdiyyələr birləşdirilmiş, onların sayı 49-dan 18-ə endirilmişdir. Bələdiyyə seçkilərində rayonun 15 ərazi icra nümayəndəliyi üzrə 68 seçki məntəqəsində 182 bələdiyyə üzvlüyünə namizəd mübarizə aparır. azertac news
|