|
Milli Məclisin dünənki iclasında "Bələdiyyələrin birləşməsi haqqında" qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, sənəd haqında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. O bildirib ki, Milli Məclisə daxil olan sənədə əsasən respublika üzrə fəaliyyət göstərən 2757 bələdiyyənin sayının azaldılması nəzərdə tutulub: "Fəaliyyətdə olan 2757 bələdiyyədən 993-ü ləğv ediləcək. Qalan 1764 bələdiyyəyə Fizuli rayonundakı Birinci və Beşinci Zobucuq bələdiyyələri də əlavə edilməklə ümumi bələdiyyələrin sayı 1766 təşkil edəcək". Müzakirələrdən sonra sənəd qəbul olunub. Bununla da Milli Məclisin yaz sessiyasının müddəti başa çatıb. Sessiyanın başa çatması münasibətilə Azərbaycanın Dövlət Himni səslənib. Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının vaxtının iyunun sonuna kimi uzadılması qərara alınıb.
|