|
“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupları seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə qapalı zallarda görüşlərə başlayacaq. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, gələn həftədən paytaxtda və bir sıra rayonlarda belə görüşlərin keçirilməsi nəzərdə tutulub. Təşviqat qrupları ilk görüşlərini martın 1-də “Təbriz” kinoteatrında keçirəcəklər. A. Hacılının sözlərinə görə, bununla bağlı Təşviqat qrupları Mərkəzi Seçki Komissiyasına müraciət ediblər. Qeyd edək ki, sözügedən Təşviqat qrupları martın 1-nə kütləvi aksiya da təyin ediblər. Şəhər rəhbərliyinin aksiyanın keçirilməsinə razılıq verəcəyi halda hansı tədbirin keçiriləcəyinə gəldikdə A. Hacılı bildirib ki, bir gündə hər iki tədbiri keçirmək mümkündür: “Bizim görüş saat 15.00-a təyin edilib. Düşünürəm ki, “Təbriz” kinoteatrından bizim aksiyanın təyin edildiyi meydanlara getmək üçün bir saatdan da az vaxt lazımdır”. /APA/
|