
“Azərbaycan Demokrat Partiyası 2008-ci il seçkilərində İlham Əliyevin prezident seçilməsi faktını qəbul edir və partiya özünün konstruktiv müxalifət strategiyasını davam etdirməyi məqsədə müvafiq sayı”. Bu fikirlər ADP-nin İdarə Heyətinin partiyanın Bakı şəhər təşkilatların iştirakı ilə keçirdiyi müşavirədə qəbul etdiyi bəyanatındandır. Bəyanatda milli problemlərin həlli, siyasi münasibətlərin inkişafı və seçki təcrübəsinin təkmilləşdirilməsi naminə ADP iqtidarla siyasi dialoqa hazır olduğunu bir daha bəyan edir.
Partiya ölkədə dövlət müstəqilliyini qorumaq və Azərbaycanın demokratikləşməsi naminə bütün siyasi qüvvələri həmrəyliyə, uzlaşmaya və qarşılıqlı anlaşmaya dəvət edir: “ADP ölkə başçısını növbəti prezidentliyi dövründə beynəlxalq öhdəlikləri axıra qədər yerinə yetirməyə, siyasi-iqtisadi islahatları dərinləşdirməyə, Azərbaycanın beynəlxalq nüfuzunu bərpa etməyə, sosial rifahın ədalətli bölünməsinə nail olmağa, yoxsulluğu və işsizliyi tamamilə aradan qaldırmağa, dövlət idarəçiliyində rüşvət və korrupsiyanın kökünü kəsməyə, Qarabağ probleminin milli maraqlara uyğun həllinə cəhd etməyə, seçki təcrübəsinin təkmilləşdirməsi ilə qarşıdan gələn bələdiyyə və parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsi naminə müvafiq addımlar atmağa çağırır və öz növbəsində ölkə başçısına bu istiqamətlərdə hər cür dəstək verməyə hazır olduğunu bəyan edir”. /APA/