
Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova hesab edir ki, radikal mövqe tutan müxalifət partiyaları cəmiyyət tərəfindən siyasi proseslərdən təcrid olunublar.
«Azərbaycanda baş verən proseslərlə bağlı radikal mövqe tutan ənənəvi müxalifət bu gün cəmiyyət tərəfindən təcrid olunub. Əgər müxalifət cəmiyyətdən təcrid olunmaq istəmirsə, konsturuktiv olmalıdır», - bazar ertəsi jurnalistlərə Muradova bildirib.
Muradovanın fikrincə, prezident seçkilərindən sonra siyasi partiyalar arasında yeni münasibətlərin formalaşmasının əsası qoyulub.
«Siyasi qüvvələr necə addım atırlarsa, ona uyğun da cavab alırlar. İstər partiyaların, istərsə də insanların ictimai-siyasi proseslərə münasibəti necə olacaqsa, ona uyğun cavab alacaqlar. Konstruktiv mövqe tutan buna uyğun cavab alacaq, radikal olanlarsa, cəmiyyət tərəfindən təcrid olunacaqlar», - deyə vitse-spiker əlavə edib.
2007-ci ildə radikal siyasi kursdan imtina edən müxalif Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Trend News-a bildirib ki, cəmiyyətdə sosial-iqtisadi münasibətlərin, mətbuat azadlığının və insan hüquqlarının pozulması vətəndaşlarda radikallıq yaradır.
«Əgər cəmiyyətdə ədalət bərqərar olsa, sosial-iqtisadi münasibətlər qanunlar əsasında tənzimlənsə, radikal müxalifətin cəmiyyətdən təcrid edildiyini söyləmək olar. Əgər bunlar yoxdursa, radikal müxalifətin cəmiyyət tərəfindən dəstəklənmədiyini söyləmək olmaz. Radikal müxalifətin kifayət qədər sosial bazası var və bu, günü-gündən genişlənir», - deyə partiya sədri əlavə edib.
Cəlaloğlu bildirib ki, buna baxmayaraq, rəhbərlik etdiyi təşkilat radikal mübarizənin əleyhinədir. /Trend/