|
Azərbaycanın müxalif partiyası MSK sədrinə müraciət edib
|
 Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib. «Bizim dairə seçki komissiyalarına (DSK) göndərdiyimiz nümayəndələrin katibliklərə seçilməsinə imkan vermirlər və katibliklərə hakim Yeni Azərbaycan Partiyasına yaxın olan partiyaların təmsilçilərini təyin edirlər. Əgər bu prosesə son qoyulmasa, bütün nümayəndələrimizi DSK-dan geri çağıracağıq», cümə günü Trend News-a VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. Seçki Məcəlləsinə görə, seçki komissiyalarının tərkibi deputatları parlamentdə çoxluq təşkil edən partiyanın (YAP), parlamentdə azlıq təşkil edən partiyaların və bitərəf deputatların nümayəndələrindən formalaşır. Parlamentdə azlığı təşkil edən müxalif Müsavat Partiyası MSK-ya nümayəndə göndərmədiyindən indiyə qədər DSK-ların formalaşması prosesi baş tutmayıb. Bu səbəbdən indiyə qədər MSK-ya nümayəndə göndərən azlıqda olan digər partiyaların DSK-ların formalaşmasında iştirakı da reallaşmamışdı. Rüstəmxanlının sözlərinə görə, təxminən iki illik fasilədən sonra Milli Məclisdə azlığı təşkil edən partiyalara DSK-lara nümayəndə göndərmək imkanı yaradılıb. Bundan sonra VHP DSK-lara 42 nümayəndə göndərib. Rüstəmxanlı əlavə edib ki, onların DSK katibliklərinə seçilməsinə imkan verilmir və YAP-a yaxın olan partiyalara seçki keçirmədən yerlər verilir. «Hansı ki, VHP Milli Məclisdə 3 deputatla təmsil olunur. 2 deputatımız Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvüdür. Mən başa düşə bilmirəm ki, bizə qarşı niyə belə münasibət göstərirlər. Hakimiyyət katibliklərdə müxalifətin olmasında daha maraqlı olmalıdır», - deyə Rüstəmxanlı əlavə edib. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə Trend News-a bildirib ki, VHP sədrinin mövqeyi həqiqəti əks etdirmir. Onun sözlərinə görə, indiyə qədər DSK-ların bir qismində VHP üzvləri katibliklərə seçilib. «Yəni bu, seçki yolu ilə həyata keçirilir. Seçkidə azlıqda olan bütün partiyalar iştirak edir. MSK məcburi şəkildə DSK katibliklərinə VHP üzvlərini təyin edə bilməz», - deyə o vurğulayıb. Sarıyev onu da qeyd edib ki, DSK-ların formalaşması zamanı MSK-ya hələ də nümayəndə göndərməyən Müsavat Partiyasına ayrılan yerlər isə boş saxlanılacaq. /Trend/
|
 Ətraflı
|
|
Prezidentliyə iddialı müxalif partiya imzatoplama kampaniyası ilə bağlı iddialara aydınlıq gətirib
|
 Azərbaycan prezidentliyinə iddialı, müxalif Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu hakimiyyətin onun imzatoplama kampaniyasına yardım göstərməsi barədə iddiaları qəbul etmir. «Hakimiyyət bizim imzatoplama kampaniyamıza niyə yardım etməlidir? Sadəcə olaraq, bəzi seçkidə iştirak etməyən müxalifət partiyaları bizim gücümüzü yaxşı bilirlər və bu səbəbdən belə məsələlərdə adımızı hallandırmaq, bizim işimizə kölgə salmağa cəhd etmək məcburiyyətində qalırlar»,- cümə günü Trend News-a Qəzənfəroğlu bildirib. Bir sıra müxalif mətbu orqanlar namizədlərin imzatoplama kampaniyasına hakimiyyət tərəfindən kömək edildiyi iddia olunur. Qəzənfəroğlu deyib ki, əksinə, hakimiyyət qurumları bir sıra hallarda imzatoplama kampaniyasına maneçilik törədirlər. «Biz imzaların toplanılmasını öz gücümüz hesabına həyata keçiririk. Ümumiyyətlə, biz prosesi tam şəffaf şəkildə həyata keçiririk. Bu işə qiyməti sonda MSK verəcək» - deyən Qəzənfəroğlunun sözlərinə görə, hələlik namizədliyinin qeydə alınması üçün 38 min imza toplanıb. «Əlavə olaraq, 6-7 min imza toplamağı planlaşdırırıq. Gələn həftə kampaniyanı başa vurub imzaları MSK-ya təqdim edəcəyik» - deyə o əlavə edib. /Trend/
|
 Ətraflı
|
|
Müxalifət partiyalarının əməkdaşlıq Mərkəzinin formatı ilə bağlı müzakirələr təxirə salınıb
|
 Azərbaycanın müxalifət partiyalarının Demokratik Seçki Mərkəzinin (DSM) formatının dəyişdirilməsi ilə bağlı müzakirələr təxirə salınıb. «DSM- də təmsil olunan partiyalarla məsləhətləşmələrdən sonra, toplantının gələn həftə keçirilməsi barədə razılıq əldə olunub», - deyə cümə günü Trend News- a DSM- də təmsil olunan Azadlıq partiyasının sədri Əhməd Oruc məlumat verib. Bu ilin yanvarında yaradılan DSM - də doqquz müxalifət partiyası – Klassik Xalq Cəbhəsi Partiyası, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar Partiyası Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Yaşıllar Partiyasının sədri Mais Güləliyev prezidentliyə namizədliklərini irəli sürüblər. Mərkəzdə təmsil olunan digər yeddi partiya prezident seçkisində iştirak etməmək barədə qərar qəbul edib. DSM- də təmsil olunan və prezident seçkisinə qatılmış partiyaların Mərkəzdən uzaqlaşdırılması və Mərkəzin gələcəkdə hansı formatda fəaliyyət göstərəcəyinə cümə günü aydınlıq gətiriləcəyi gözlənilirdi. Orucun sözlərinə görə, DSM - də təmsil olunan və prezident seçkisində iştirak edən partiyalar imzatoplama kampaniyasının gərgin dövrünü yaşayır. «Kampaniya başa çatandan sonra DSM-in toplantısı keçiriləcək və formatın dəyişib - dəyişməyəcəyi müəyyənləşəcək», deyə o bildirib. Onun bildirdiyinə görə, DSM - də təmsil olunan və seçkidə iştirak edən partiyaların Mərkəz qarşısında heç bir öhdəliyi yoxdur. «Həmin partiyaların seçkidə iştirak edəcəyi məlum idi və onlar heç bir öhdəliyi pozmayıblar», deyə Oruc bildirib. Orucun sözlərinə görə, DSM-in formatının dəyişib - dəyişməyəcəyi ilə bağlı qabaqcadan fikir söyləmək çətindir. /Trend/
|
 Ətraflı
|
|
Azərbaycanın müxalifət partiyalarının əməkdaşlıq formatı fəaliyyətini dayandırmayıb
|
 Azərbaycanın müxalifət partiyalarının «dördlər» formatı fəaliyyətini dayandırmayıb. «Formatın növbəti toplantısının təşkil edilməsi növbəsi qurumda təmsil olunan «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazovdadır. Hazırda Namazov Azərbaycandan kənardadır. İki - üç gündən sonra Namazov qayıdandan sonra «dördlər»in növbəti toplantısı keçiriləcək», deyə formatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cümə günü Trend News-a bildirib. Azərbaycanın müxalifət partiyalarının «dördlər» formatında Azərbaycan Demokrat, Müsavat, Milli İstiqlal partiyaları və «Azərbaycan Naminə» İctimai Forum təmsil olunur. «Dördlər»də təmsil olunan Müsavat və «Azərbaycan Naminə» İctimai Forumun müxalifətin yeni yaradılacaq birlikdə təmsil olunacaqlarına gəlincə, Cəlaloğlu bildirib ki, formatda təmsil olunan partiyaların bir-birinin qarşısında heç bir öhdəliyi yoxdur. ««Dördlər»dəki partiyalar başqa partiyalarla əlaqələrini öz aralarında razılaşdırmır. Formatdakı partiyalardan biri hər hansı bir birliyə qoşulmaq istəsə, qoşula bilər. Bu bizi narahat etməyəcək», - deyə ADP sədri bildirib. /Trend/
|
 Ətraflı
|
|
Azərbaycan müxalifətinin yeni birlik yaratması mümkün olmayacaq-politoloqlar
|
 Azərbaycanın müstəqil politoloqları hesab edirlər ki, müxalifətin yeni birlik yaratması mümkün olmayacaq. «Müxalifətin hansısa bir mərhələdə şəxsi ambisiyaları bir kənara qoyub, vahid mövqedən çıxış etmək bacarığı yoxdur», - deyə cümə günü Trend News-a politoloq Rasim Musabəyov bildirib. Politoloq qeyd edib ki, prezident seçkisinə və səsvermə günündən sonrakı dövrdə baş verən proseslərə müxalifət heç bir təsir göstərə bilməyəcək. Onun fikrincə, müxalifətin məsləhətləşmələri və birlik yaratmağı çox ləng gedir. Prezident seçkisinə 45 gün qaldığını vurğulayan politoloq əlavə edib ki, buna baxmayaraq, hazırda müxalifətin heç bir fəaliyyəti müşahidə olunmur. Musabəyov bildirib ki, müxalifət həm zəifdir, həm də seçki prosesindən kənarda qalıb. «Azərbaycanda, əsasən, sağ mərkəzçi müxalifət var. Dünyada sağ müxalifəti, əsasən, fermer, biznes təşkilatları və dini qurumlar dəstəkləyir. Azərbaycanda isə, nə fermer, nə də biznes təşkilatları sağ müxalifətə heç bir dəstək vermir. Müxalifət isə, dini qurumlardan uzaq durur ki, onları islamçı kimi təqdim etməsinlər. Ona görə də, sağ müxalifətin sosial bazası və dəstəyi yoxdur. Sol qüvvələr də eyni vəziyyətdədir», - deyə Musabəyov əlavə edib. Politoloq Zərdüşt Əlizadə müxalifətin birliyinin yaradılması ilə bağlı müzakirələri «mənasız söhbətlər» hesab edir. Onun fikrincə, seçki qatarı gedib, müxalifət isə, bundan sonra birləşmək istəyir. «Onların vəzifəsi qatara minmək idi. Bunu da etməyiblər və qatar gedib. İndi müxalifət nə edə bilər? Əgər müxalifət liderləri seçkilər arası dövrdə və seçki ərəfəsində nə isə edə bilməyiblərsə, indi bu müzakirələrin heç bir əhəmiyyəti yoxdur. Müxalifətin heç bir resursu: nə pulu, nə vətəndaşlar arasında hörməti, nə də proqramları var», - deyə Əlizadə əlavə edib. Onun fikrincə, müxalifət birlik yaratmaqla bağlı söhbətlərlə öz tərəfdarlarını aldadır. Əlizadə bildirib ki, müxalifətin yeni birliyini yaratmaq mümkün olmayacaq. Politoloq Leyla Əliyeva isə, deyib ki, müxalifətin yeni birliyinin yaranması sosial və siyasi proseslərə müsbət təsir edə bilər. O bildirib ki, bu ikinci güc mərkəzinin yaranmasına səbəb ola bilər: «Problem ondadır ki, müxalifətin sosial bazası zəifdir». /Trend/
|
 Ətraflı
|
|
Azərbaycanın müxalifət partiyası dövlət qeydiyyatına alınacaq
|
 Azərbaycanın Ədliyyə Nazirliyi yaxın vaxtlarda müxalif Açıq Cəmiyyət Partiyasını (ACP) dövlət qeydiyyatına alacaq. «Dəfələrlə nazirliyin məsul şəxsləri ilə görüşmüşük və bizdə belə bir əminlik var ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq», - cümə günü Trend News-a ACP-nin funksioneri Yaqub Abbasov bildirib. Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007- ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Rəsul Quliyev və onun tərəfdarları , etiraz olaraq ADP-dən imtina edib, özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar. Abbasov bildirib ki, partiyanın qeydiyyatı üçün lazımi sənədlər bir ildən artıqdır Ədliyyə Nazirliyinə göndərilib. /Trend/
|
 Ətraflı
|
|
ATƏT-in Müşahidə Missiyasının rəhbəri sentyabrın 1-də Azərbaycana gəlir
|
 Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri, Sloveniyanın keçmiş xarici işlər naziri Boris Fırles sentyabrın 1-də Bakıya gəlir. ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, B. Fırleslə birgə missiyanın əsas üzvlərindən olan daha 7 müşahidəçi də Azərbaycana gələcək. Uzunmüddətli müşahidəçilər rəsmi olaraq sentyabrın 7-dən fəaliyyətə başlayacaqlar və seçkilərə kimi onların sayı 30-a çatacaq. Seçkilər günü isə ATƏT müşahidəçilərinin sayı 460 nəfər təşkil edəcək. Onlar respublikanın bütün bölgələrində müşahidə aparacaqlar. /APA/
|
 Ətraflı
|
|
Azərbaycanın müxalifət partiyası yeni birliyin yaranacağına inanmır
|
 Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) hesab edir ki, müxalifətin yeni birliyinin yaranması ilə bağlı danışıqlar daha çox şəxsi maraqlara xidmət edir. «Hələlik görünən odur ki, müxalifətin yeni əməkdaşlıq formatının yaradılması ilə bağlı danışıqlar daha çox korporativ maraqlara xidmət göstərir», - cümə axşamı Trend News-a partiyanın Ali Məclisinin üzvü Qurban Məmmədov Məmmədov bildirib. Məmmədov bildirib ki, seçkilərin indidən qeyri-legitim olduğunu bəyan etmək ağılsızlıq ola bilər. «Gərək seçki olsun ki, ona qiymət verilsin» - deyən Məmmədovun sözlərinə görə, ADP-nin yeni əməkdaşlıq mərkəzindən kənarda qalması o deməkdir ki, bu birlik real müxalifəti özündə əks etdirmir. «Son illərin hadisələri də sübuta yetirib ki, ADP-siz müxalifətin birliyi qeyri-mümkündür. ADP kənarda qalsa, heç kəs yeni əməkdaşlıq mərkəzini ciddi qəbul etməyəcək» - Məmmədov əlavə edib. Məmmədov qeyd edib ki, ADP səmimi birliyin yaranmasında maraqlıdır. Onun fikrincə, müxalifətin yeni birliyinin yaranması üçün hər hansı şərt irəli sürülməməli və ortaq məxrəc tapılaraq, birlik formalaşmalıdır.
/Trend/
|
 Ətraflı
|
|
Azərbaycanın aparıcı müxalifət partiyalarının fəalları prezidentliyə iddialı şəxsə dəstək verəcəklər
|
 Azərbaycanın aparıcı müxalifət partiyalarının fəalları prezidentliyə iddialı, müxalif Xalq Cəbhəsi Partiyası Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyliyə dəstək verəcək. «Mən həmin şəxslərin adlarını çəkmək istəmirəm. Ancaq onlar mənim seçki fonduma müəyyən vəsait köçürəcəklər və seçkiyə hazırlıqla bağlı digər məsələlərdə mənə kömək edəcəklər», cümə axşamı Trend News-a Əlibəyli özü məlumat verib. Əlibəyli vurğulayıb ki, artıq müxalifət partiyalarının fəalları onun imzatoplama kampaniyasına yardım göstərirlər. «Namizədliyimin qeydə alınması üçün tələb olunan 40 min seçici imzasının təqribən 20 mini toplanıb. İndiyə qədər cəmi 2 rayonda Masallı və Gədəbəydə kiçik insident olub. Yəni polis bu işə müdaxilə etmək istəyib və bu məsələ dərhal həll olunub», - deyə o əlavə edib. Əlibəyli bu ayın sonuna imzatoplama kampaniyasını başa vuracağını bildirib. Əlibəyli seçki bloku yaratmaq fikrində olmadığını da əlavə edib.
/Trend/
|
 Ətraflı
|
|
Azərbaycanda seçicilərin maarifləndirilməsi proqramının ikinci mərhələsinə başlanılacaq
|
 Sentyabrın 2-dən etibarən Azərbaycanın İctimai Televiziyası və rəsmi qəzetlər vasitəsilə seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı proqramın ikinci mərhələsinə başlanılacaq. «Bu mərhələdə MSK üzvləri qeydiyyatdançıxma vəsiqələrindən tutmuş seçkilərin yekunlarının və səsvermənin nəticələrinin dərc edilməsi daxil olmaqla, çeşidli mövzularda çıxış edəcəklər», cümə axşamı Trend News-a MSK-nın mətbuat xidmətindən bildirilib. MSK-dan o da bildirilib ki, aşağı seçki komissiyaları üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı proqramın birinci mərhələsi bu ayın əvvəllərində başlanılıb. Artıq MSK-nın İctimai Televiziya və rəsmi dövrü nəşrlər vasitəsilə gerçəkləşdirdiyi proqramın birinci mərhələsi yekunlaşmaq üzrədir və MSK ikinci mərhələni həyata keçirməyə hazırlaşır.
/Trend/
|
 Ətraflı
|
|
Araz Əlizadə Elşən Manafovun partiyanı tərk etməsi barəsində açıqlama verdi
|
 “Partiyada Elşən Manafovu dəstəkləyən yeganə şəxs mən olmuşam, indiyə qədər də ona güldən ağır söz deyən olmayıb. Onu partiyada tutduğu vəzifələrə mən irəli çəkmişəm. Buna görə partiya fəalları baş verənlərdə məni də qınayırlar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. A. Əlizadənin sözlərinə görə, hətta bir müddət öncə Elşən Manafovu partiyanın sədr müavini təyin etmək istəyində də olub: “Elşən Manafov Mərkəzi Komitənin plenumunda dedi ki, biz seçkidə iştirak etmək üçün lazım olacaq maliyyə vəsaitinə görə iqtidara müraciət etməliyik. Etirazımı bildirdim və bu fikri qeyri-ciddi adlandırdım. O isə dedi ki, guya mən partiyanın inkişafının qarşısını alıram. Sonra etiraz etdi və bildirdi ki, partiyada tutduğu bütün vəzifələrdən istefa verir, ancaq başqa yerdə yava-yava danışmayacaq. Lakin sabahısı gün hamıya bu barədə məlumat verdi”. A. Əlizadə deyib ki, partiyada Ayaz Mütəllibova qarşı kampaniya aparılması haqda deyilənlər də həqiqətə uyğun deyil. Onun sözlərinə görə, ASDP Mərkəzi Komitəsinin Siyasi Bürosunun 18 üzvündən 8-i A. Mütəllibov 2003-cü ildə ASDP-yə gələndən sonra partiyaya üzv olub: “Elşən Manafov özünə sərf edəndə Ayazçı olur. Adam partiyadan gedəndə kişi kimi gedər”. O, E. Manafovun partiyadan çıxarılması haqda məsələnin müzakirə mövzusu olmadığını da qeyd edib: “Partiyadan çıxarılması mənim tərəfimdən müzakirə mövzusu deyil. Məni maraqlandırır ki, o qurultayda gəlib nə deyəcək? Onsuz da qurultayda onu heç kim dəstəkləməyəcək. Mərkəzi Komitənin üzvləri ondan çox inciyiblər. Çünki onları təhqir edərək, səviyyəsiz və savadsız adlandırıb”. ASDP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Elşən Manafov isə APA-ya deyib ki, plenumda qəbul olunan qərar siyasi reallıqları əks etdirmədiyindən partiyanın nüfuzuna xələl gətirib. Onun sözlərinə görə, partiyanın sosial bazasını genişləndirmək və etibarını qazanmaq üçün seçkidə iştirak vacibdir: “Mənim iradlarım şəxsi xarakter daşımır və partiyanın fəaliyyəti ilə bağlıdır. Araz Əlizadə mənim göz-qaşıma görə partiya sıralarında irəli çəkməyib. Partiyanın təməlinin qorunmasında mənim də əməyim olub. Mən mətbuatda dediklərimi partiyanın qurultayında da açıqlayacağam. Yenə də deyirəm ki, ASDP-də ciddi islahatlara ehtiyac var”.
/APA/
|
 Ətraflı
|
|