|
Mərkəzi Seçki Komissiyası sentyabrın 7-də bu ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı kurslara başlayacaq. Komissiyadan verilən məlumata görə, kurslar dövlət başçısının "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamına uyğun olaraq keçirilir. Məqsəd seçki prosesində iştirak edəcək şəxslərin hüquqi maarifləndirilməsidir. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 125 seçki dairəsinin sədrləri üçün nəzərdə tutulub. MSK tərəfindən 36 saat tədris proqramı və təqvim-tematik plan artıq hazırlanıb. Qeyd edək ki, kurslar Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunacaq. Bir həftə davam edəcək hazırlıq kurslarını Prezident Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Ədliyyə və Daxili İşlər nazirlikləri, Baş prokurorluğun rəhbər şəxsləri aparacaq. MSK-dan onu da bildiriblər ki, səlahiyyət müddətləri başa çatmayan 63 bələdiyyə bu il keçiriləcək seçkilərdə iştirak etmək üçün MSK-ya müraciət edib. MSK hazırda həmin bələdiyyələrin müraciətini araşdırır. Abşeron və Xaçmaz rayonundan 6 bələdiyyə ilkin olaraq quruma rəsmi müraciət edib. MSK-dan bildiriblər ki, həmin bələdiyyələr 2006-cı ildə keçirilən təkrar və əlavə bələdiyyə seçkiləri zamanı formalaşıb. Qanunvericiliyə görə, seçki yolu ilə formalaşan qurumlar 5 il səlahiyyətli olur. 2006-cı ildə keçirilən seçkilər 81 bələdiyyəni əhatə edib və bu qurumların səlahiyyət müddəti isə 2011-ci ildə bitəcək. Bələdiyyə seçkilərinin bu ilin dekabrında keçirilməsi gözlənilir. Bələdiyyələr MSK ilə yanaşı Bələdiyyələrin Milli Asossasiyasına da müraciət ediblər. Hazırda həmin bələdiyyələrin müraciəti araşdırılır. Seçkilərə qədər komissiya müraciət barədə müvafiq qərar qəbul edəcək.
|